Avropa İnsan Hüquqları Konvensiyası - Huquq.TV
  • Avropa İnsan Hüquqları Konvensiyası

    İnsan Hüquqlarının və Əsas
    Azadlıqların Müdafiəsi Haqqında
    Avropa Konvensiyası
    Roma, 4.XI.1950

    Avropa Şurasının üzvü olub, bu Konvensiyanı imzalayan hökumətlər, 1948-ci il dekabrın 10-da BMT Baş Məclisi tərəfindən bəyan edilmiş İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni nəzərə alaraq; 
    Bu Bəyannamənin məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla və səmərəli tanınmasının və həyata keçirilməsinin təmin edilməsi olduğunu nəzərə alaraq; 
    Avropa Şurasının məqsədinin onun üzvləri arasında daha böyük birliyə nail olmaqdan ibarət olduğunu və bu məqsədlərə nail olmağının əsas vasitələrindən birinin insan hüquqlarının və əsas azadlıqların dəstəklənməsi və gələcək reallaşdırılması olduğunu hesab edərək;
    Dünyada ədalətin və sülhün əsası olan və riayət edilməsi başlıca olaraq, bir tərəfdən həqiqi demokratik siyasi rejimlə və digər tərəfdən onların sadiq qaldığı insan hüquqlarını hamının anlaması və riayət etməsi ilə təmin olunan əsas azadlıqlara öz dərin sədaqətlərini təsdiq edərək;
    Vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların azadlığın və hüququn aliliyinin ümumi irsinə malik olan Avropa ölkələrinin hökumətləri kimi Ümumi Bəyannamədə təsbit olunmuş bəzi hüquqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda ilk addımlar atmaq əzmində olaraq, Aşağıdakılar barədə razılığa gəldilər:
    MADDƏ 1
    İnsan hüquqlarına hörmət olunması öhdəliyi Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyanın I Bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər.
    BÖLMƏ I
    HÜQUQLAR VƏ AZADLIQLAR
    MADDƏ 2
    Yaşamaq hüququ
    1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Hər kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.
    2. Həyatdan məhrumetmə, aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması hesab edilmir:
    (a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
    (b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;
    (c) qanuna müvafiq olaraq iğtişaşa və ya qiyamın yatırılması üçün.
    MADDƏ 3
    İşgəncələrin qadağan olunması 
    Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
    MADDƏ 4
    Köləliyin və məcburi əməyin qadağan olunması
    1. Heç kəs köləlikdə və ya əsarət altında saxlanılmamalıdır.
    2. Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.
    3. Bu maddənin məqsədləri üçün «məcburi və ya icbari əmək» termini aşağıdakıları ehtiva etmir:
    (a) bu Konvensiyanın 5-ci Maddəsinin müddəalarına müvafiq olaraq həbsdə olan və ya belə həbsdən şərti
    azad edilmiş şəxsin adətən yerinə yetirməli olduğu hər hansı iş;
    (b) hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən əqidəyə görə imtina etmənin qanuni hesab edildiyi
    ölkələrdə məcburi hərbi xidmətin əvəzinə müəyyən edilmiş xidmət;
    (c) fövqəladə vəziyyət və ya əhalinin həyatı və rifahı üçün təhlükə yaradan fəlakət hallarında hər hansı məcburi
    xidmət;
    (d) adi vətəndaşlıq vəzifələrinin bir hissəsi olan iş və ya xidmət.
    MADDƏ 5
    Azadlıq və toxunulmazlıq hüququ
    1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:
    (a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;
    (b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı
    öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
    (c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında
    durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən
    sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda
    şəxsin qanuni tutulması və ya həbsə alınması;
    (d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya
    onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;
    (e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə
    və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;
    (f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud
    ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması;
    2. Tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən
    ittiham barədə dərhal məlumat verilir.
    3. Bu maddənin I bəndinin «c» yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.
    4. Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.
    5. Bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ var.
    MADDƏ 6
    Ədalətli məhkəmə araşdırması hüququ
    1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli
    sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
    2. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.
    3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
    (a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı
    məlumatlandırılmaq;
    (b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
    (c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini
    ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;
    (d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və
    onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik olmaq;
    (e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz
    köməyindən istifadə etmək.
    MADDƏ 7
    Qanunsuz cəzalandırılmamaq
    1. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz.
    2. Bu maddə sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq, törədildiyi zaman cinayət hesab
    edilən hər hansı hərəkət və ya hərəkətsizliyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.
    MADDƏ 8
    Şəxsi həyata və ailə həyatına hörmət hüququ
    1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.
    2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.
    MADDƏ 9
    Fikir, vicdan və din azadlığı
    1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir.
    2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.
    MADDƏ 10
    Fikri ifadə etmək azadlığı
    1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radio-yayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
    2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
    MADDƏ 11
    Yığıncaqlar və birləşmək azadlığı
    1. Hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə birləşmək azadlığı hüququ vardır.
    2. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur.
    MADDƏ 12
    Nikah hüququ
    Nikah yaşına çatmış kişilər və qadınlar bu hüququn həyata keçirilməsini tənzimləyən milli qanunvericiliyə müvafiq olaraq, nikaha daxil olmaq və ailə qurmaq hüququna malikdirlər.
    MADDƏ 13
    Səmərəli hüquqi müdafiə vasitələri hüququ
    Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.
    MADDƏ 14
    Ayrı-seçkiliyin qadağan olunması
    Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı seçkilik olmadan təmin olunmalıdır.
    MADDƏ 15
    Fövqəladə hallar zamanı məhdudlaşdırma
    1. Müharibə və ya millətin həyatını təhdid edən digər fövqəladə hallar zamanı Razılığa gələn Yüksək Tərəflərdən hər hansı biri onun beynəlxalq hüquqa müvafiq digər öhdəliklərinə zidd olmamaq şərti ilə, yalnız vəziyyətin fövqəladəliyinin şərtləndirə biləcəyi səviyyədə bu Konvensiya üzrə öhdəliklərindən geri çəkilən tədbirlər görə bilər.
    2. Bu müddəa, qanuni müharibə əməliyyatları nəticəsində ölüm halları istisna olmaqla, 2-ci maddənin və ya 3-cü maddənin müddəalarından, 4 cü maddənin 1-ci bəndinin və 7-ci maddənin müddəalarından geri çəkilməyə əsas verilmir. 
    3. Bu geri çəkilmə hüququndan istifadə edən Razılığa gələn Yüksək Tərəf gördüyü tədbirlər və onların səbəbləri haqqında Avropa Şurasının Baş katibini tam məlumatlandırır. O, həmçinin belə tədbirlərin dayandırılması və Konvensiyanın müddəalarının yenidən tam həyata keçirilməyə başlanması haqqında Avropa Şurasının Baş katibinə məlumat verir.
    MADDƏ 16
    Əcnəbilərin siyasi fəaliyyətinin məhdudlaşdırılması
    10, 11, və 14-cü maddələrdə heç nə Razılığa gələn Yüksək Tərəflər üçün əcnəbilərin siyasi fəaliyyətinə məhdudiyyətlər qoyulmasına maneə hesab edilə bilməz.
    MADDƏ 17
    Hüquqlardan sui-istifadənin qadağan olunması
    Bu Konvensiyada heç nə hər hansı dövlətin, qrupun və ya şəxsin burada təsbit olunan hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırmaq hüququna malik olması kimi 
    şərh oluna bilməz.
    MADDƏ 18
    Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri 
    Qeyd olunan hüquq və azadlıqlarla bağlı bu Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd üçün tətbiq olunmamalıdır.
    MADDƏ 19
    Məhkəmənin təsis olunması
    Razılığa gələn Yüksək Tərəflər bu Konvensiya və ona dair Protokollar ilə öz üzərilərinə götürdükləri öhdəliklərə riayət olunması təmin etmək məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsini (bundan sonra «Məhkəmə» adlanacaq) təsis edirlər. O, daimi əsaslarla fəaliyyət göstərir.
    MADDƏ 20
    Hakimlərin sayı
    Məhkəmə Razılığa gələn Yüksək Tərəflərə bərabər sayda hakimlərdən ibarətdir.
    MADDƏ 21
    Hakimliyə dair tələblər
    1. Hakimlər yüksək mənəvi keyfiyyətlərə malik olmalı və yüksək məhkəmə vəzifələrinə təyin olunarkən qoyulan
    tələblərə cavab verməli və ya tanınmış nüfuzlu hüquqşünaslar olmalıdırlar.
    2. Hakimlər məhkəmənin işində şəxsən iştirak edirlər. 
    3. Vəzifədə olduqları bütün müddət ərzində hakimlər onların müstəqilliyi, qərəzsizliyi ilə və ya tam iş gününün
    xarakterindən irəli gələn tələblərlə bir araya sığmayan heç bir fəaliyyətlə məşğul olmamalıdırlar. Bu bəndin müddəalarının tətbiqi ilə bağlı yaranan bütün məsələləri Məhkəmə həll edir.
    MADDƏ 22
    Hakimlərin seçilməsi
    Razılığa gələn hər bir Yüksək Tərəf üzrə hakim Razılığa gələn Yüksək Tərəfin təqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir.
    MADDƏ 23
    Səlahiyyət müddəti və vəzifədən azad edilmə 
    1. Hakimlər 9 il müddətinə seçilirlər. Onlar yenidən seçilə bilməzlər.
    2. Hakimlərin səlahiyyət müddəti onlar 70 yaşına çatanda bitir.
    3. Hakimlər əvəz olunanadək vəzifələrini yerinə yetirirlər. Bununla belə, onlar artıq başladıqları məhkəmə proseslərini sonadək davam etdirirlər. 
    4. Heç bir hakim digər hakimlərin üçdə iki səs çoxluğu ilə həmin hakimin tələb olunan şərtləri icra etməyi dayandırması barədə qərar qəbul edilməyincə vəzifəsindən azad edilə bilməz.
    MADDƏ 24
    Katiblik və məruzəçilər
    1. Məhkəmənin, fəaliyyəti və təşkili Məhkəmə Reqlamentinə əsasən müəyyənləşdirilən katibliyi vardır.
    2. İclas tək hakimdən ibarət tərkibdə olduqda Məhkəmə sədrinin sərəncamında fəaliyyət göstərən məruzəçilər
    Məhkəməyə kömək edirlər. Onlar Məhkəmə katibliyinin tərkib hissəsini təşkil edirlər.
    MADDƏ 25
    Məhkəmənin Plenumu
    Məhkəmənin Plenumu:
    (a) öz Sədrini və Sədrin bir yaxud iki müavini üç il müddətinə seçir; onlar yenidən seçilə bilərlər;
    (b) müəyyən müddət üçün nəzərdə tutulan Palatalaryaradır;
    (c) Məhkəmə Palatasının Sədrlərini seçir; onlar yenidən seçilə bilərlər;
    (d) Məhkəmə Reqlamentini təsdiq edir;
    (e) Katibi və onun bir yaxud bir neçə müavinini seçir;
    (f) 26-cı maddənin 2-ci bəndinə əsasən hər hansı sorğu verir.
    MADDƏ 26
    Tək hakimli tərkib, komitələr, Palatalar və Böyük Palata
    1. Məhkəmə ona təqdim edilmiş işlərə tək hakimli tərkibdə, üç hakimli komitələrdə, yeddi hakimli Palatalarda və on yeddi hakimli Böyük Palatada baxır. Məhkəmənin Palataları müəyyən edilmiş müddət üçün komitələr təsis edir. 
    2. Məhkəmənin Plenumunun sorğusu ilə Nazirlər Komitəsi yekdil qərarla və müəyyən edilmiş müddət üçün Palatalardakı hakimlərin sayını beş nəfərə endirə bilər.
    3. Tək hakimli tərkibdə hakim özünün seçildiyi Razılığa gələn Yüksək Tərəfə qarşı olan heç bir ərizəyə baxmamalıdır.
    4. Orada Palatanın və Böyük Palatanın ex offıcio üzvü kimi, maraqlı olan Razılığa gələn Yüksək Tərəfə münasibətdə seçilmiş hakim hakimlik edir. Əgər belə bir hakim yoxdursa və ya həmin hakim iştirak edə bilmirsə, onda həmin Tərəfin əvvəlcədən təqdim etdiyi siyahıdan Məhkəmə Sədrinin seçildiyi şəxs hakim rolunda çıxış edir.
    5. Böyük Palata həmçinin Məhkəmə Sədri, Sədrin Müavinləri, Palataların Sədrləri və Məhkəmənin Reqlamentinə əsasən seçilmiş digər hakimlər daxildir. Məhkəmə işi 43-cü maddəyə əsasən Böyük Palataya göndərildikdə, Palatanın Sədri və maraqlı olan Ali Razılığa gələn Tərəfə münasibətdə iştirak edən
    hakim istisna olmaqla, məhkəmə qərarını çıxaran Palatanın hakimlərindən heç biri Böyük Palatada iştirak etməməlidir.
    MADDƏ 27
    Tək hakimlərin səlahiyyəti
    1. Tək hakim 34-cü maddəyə əsasən verilmiş ərizəni qəbul edilə bilməyən elan edə və ya icraatda olan işlərin siyahısından çıxara bilər və bu cür qərar əlavə öyrənilmədən qəbul edilə bilər.
    2. Bu qərar qətidir.
    3. Əgər tək hakim ərizəni qəbul edilə bilməyən elan etmirsə və ya siyahıdan çıxarmırsa, o zaman həmin hakim əlavə öyrənilmə üçün onu komitəyə və ya Palataya göndərir.
    MADDƏ 28
    Komitələrin səlahiyyəti
    1. 34-cü maddəyə müvafiq olaraq təqdim olunan ərizəyə münasibətdə komitə yekdil səslə,
    (a) əlavə öyrənmədən onu qəbul edilə bilməyən elan edə və ya məhkəmə işlərinin siyahısından çıxara bilər; və
    ya
    (b) onu qəbul edilə bilən elan edə bilər və eyni zamanda işin mahiyyətinə uyğun qərar çıxara bilər, bu şərtlə
    ki, işin Konvensiyanın və ya ona dair Protokolların təfsiri və ya tətbiqi ilə bağlı olan əsas məsələsi artıq
    Məhkəmənin qəti müəyyən edilmiş presedent hüququnun predmeti olsun.
    2. 1-ci bənddə qeyd olunan qərardadlar və qərarlar qətidir.
    3. Əgər maraqlı olan Razılığa gələn Yüksək Tərəfə münasibətdə seçilmiş hakim komitənin üzvü deyilsə, o zaman komitə bütün aidiyyəti faktorları, ocümlədən 1(b) bəndinə əsasən prosessual normaların tətbiqinə dair həmin Tərəfin iradının olub olmamasını nəzərə alaraq məhkəmə işinin istənilən mərhələsində komitənin üzvlərindən hər hansı birinin yerinə həmin hakimi dəvət edə bilər.
    MADDƏ 29
    Şikayətin qəbul olunması və mahiyyəti barədə Palataların qərarları
    1. Əgər 27-ci və 28-ci maddəyə əsasən hər hansı bir qərardad qəbul olunmayıbsa və ya 28-ci maddəyə əsasən heç bir qərar çıxarılmayıbsa, o zaman Palata 34-cü maddəyə uyğun olaraq təqdim edilmiş fərdi şikayətlərin qəbul edilə bilmə meyarına və mahiyyətinə görə qərar çıxarır. Qəbul edilə bilməyə dair
    qərardad ayrıca çıxarıla bilər. 
    2. Palata 33-cü maddənin müddəalarına müvafiq olaraq dövlətin verdiyi şikayətin qəbul olunması və mahiyyəti üzrə qərar çıxarır. Qəbul edilə bilməyə dair qərar, əgər müstəsna hallarda Məhkəmə başqa cür qərar verməyibsə, ayrıca çıxarılır.
    MADDƏ 30
    Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina
    Əgər Palatanın icraatında olan iş Konvensiyanın və ya ona dair protokolların şərhi barədə ciddi məsələyə toxunursa yaxud məsələnin həlli Məhkəmənin əvvəllər çıxardığı qərara zidd ola bilərsə, tərəflərdən heç biri buna etiraz etmədikdə Palata öz qərarını çıxarana qədər istənilən vaxt Böyük Palatanın xeyrinə yurisdiksiyasından imtina edə bilər.
    MADDƏ 31
    Böyük Palatanın səlahiyyətləri
    Böyük Palata:
    (a) Palata 30-cu maddənin müddəalarına əsasən yurisdiksiyasından imtina etdikdə və ya 43-cü maddənin müddəalarına müvafiq olaraq iş ona göndərildikdə 33-cü və ya 34-cü maddələrin müddəalarına müvafiq olaraq verilmiş şikayətlər üzrə qərar çıxarır;
    (b) Nazirlər Komitəsi tərəfindən 46-cı maddənin 4-cü bəndinə əsasən Məhkəməyə göndərilmiş məsələləri
    həll edir; və
    (c) 47-ci maddənin müddəalarına müvafiq olaraq təqdim edilmiş məsləhət rəyləri çıxarmaq üçün verilmiş
    xahişlərə baxır.
    MADDƏ 32
    Məhkəmənin səlahiyyəti
    1. Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqinə dair ona verilə bilən, 33, 34, 46 və 47-ci maddələrdə nəzərdə tutulmuş, bütün məsələlər Məhkəmənin səlahiyyətindədir.
    2. Konkret iş üzrə Məhkəmənin səlahiyyəti ilə bağlı mübahisəni Məhkəmənin özü həll edir.
    MADDƏ 33
    Dövlətlərarası işlər
    Razılığa gələn hər hansı Yüksək Tərəf Razılığa gələn digər Yüksək Tərəfin Konvensiyanın və ona dair Protokolların müddəalarını hər hansı şəkildə pozması ehtimalı ilə bağlı Məhkəməyə müraciət edə bilər.
    MADDƏ 34
    Fərdi şikayətlər
    Məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər.
    MADDƏ 35
    Qəbul edilmə şərtləri
    1. Məhkəmə yalnız beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına müvafiq olaraq bütün daxili hüquq
    müdafiə vasitələri tükəndikdən sonra işi baxılmağa qəbul edə bilər və iş üzrə son qərarın çıxarıldığı tarixdən altı ay keçənədək işə baxa bilər.
    2. Məhkəmə 34-cü maddənin müddəalarına müvafiq olaraq verilmiş aşağıdakı fərdi şikayətlərə baxmır:
    (a) anonim olan; və ya
    (b) mahiyyətcə Məhkəmənin artıq baxdığı məsələ ilə eyni olan yaxud beynəlxalq araşdırmanın və ya tənzimləmənin digər proseduranın predmeti olan və işə aid yeni faktları əks etdirməyən.
    3. Məhkəmə 34-cü maddəyə əsasən təqdim edilmiş istənilən fərdi şikayəti qəbuledilməz elan edir, əgər o hesab edirsə ki: 
    (a) şikayət Konvensiyanın və ya ona dair Protokolların müddəalarına uyğun deyil, açıq-aşkar əsassızdır və ya
    fərdi müraciət hüququndan sui-istifadədir; və ya 
    (b) Konvensiya və ona dair Protokollarda göstərilmiş insan hüquqlarına hörmətin şikayətə mahiyyəti üzrə
    baxılmasını tələb etdiyi hallar istisna olmaqla ərizəçi böyük zərərə məruz qalmayıbsa; lakin yerli məhkəmə
    tərəfindən lazımınca araşdırılmayan heç bir iş bu əsasla rədd edilə bilməz.
    4. Məhkəmə bu maddəyə müvafiq olaraq, qəbul olunmayan hesab etdiyi istənilən şikayəti rədd edir. O bunu icraatın istənilən mərhələsində edə bilər.
    MADDƏ 36
    Üçüncü tərəfin iştirakı
    1. Palataların birində və ya Böyük Palatada olan bütün işlərdə vətəndaşı şikayətçi olan Razılığa gələn hər bir Yüksək Tərəfin yazılı qeydlər təqdim etmək və dinləmələrdə iştirak etmək hüququ var.
    2. Ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi naminə Məhkəmənin Sədri işdə tərəf olmayan istənilən Razılığa gələn Tərəfi və ya şikayətçi olmayan istənilən maraqlı şəxsi yazılı qeydlər təqdim etmək və dinləmələrdə iştirak etmək üçün dəvət edə bilər.
    3. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Palata və Böyük Palatada olan bütün məhkəmə işlərinə dair yazılı şəkildə şərhlər verə və dinləmələrdə iştirak edə bilər.
    MADDƏ 37
    Şikayətlərin siyahıdan çıxarılması
    1. Əgər vəziyyət aşağıdakı nəticələrə gəlməyə əsas verirsə, icraatın istənilən mərhələsində Məhkəmə şikayəti işlərin siyahısından çıxarmaq barədə qərar qəbul edə bilər:
    (a) şikayətçi daha öz ərizəsinə baxılmasına nail olmaq üçün səy göstərmirsə, və ya
    (b) məsələ öz həllini tapıbsa; və ya
    (c) Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə, şikayətə baxışı davam etdirməyə lüzum
    yoxdursa. Bununla belə, əgər bu Konvensiyanın və ona dair Protokolların müddəalarında müəyyən edilən insan hüquqlarına riayət olunması bunu tələb edirsə, Məhkəmə şikayətə baxmaqda davam edir.
    2. Əgər Məhkəmə işin gedişinin buna bəraət qazandırdığını hesab edirsə, şikayətin baxılmalı işlər siyahısına bərpa edilməsi haqqında qərar qəbul edilə bilər.
    MADDƏ 38
    Məhkəmə işinin araşdırılması
    Məhkəmə, məhkəmə işini maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə araşdırır və ehtiyac olarsa, işin hallarını təhqiq edir və bu təhqiqatın səmərəli olması üçün maraqlı olan Razılığa gələn Yüksək Tərəflər bütün zəruri imkanları yaratmalıdırlar.
    MADDƏ 39
    Dostcasına həlletmə
    1. Məhkəmə prosesinin istənilən mərhələsində Məhkəmə Konvensiya və ona dair Protokollarda müəyyən edilən insan hüquqlarına hörmət əsasında məsələnin dostcasına həllini təmin etmək məqsədilə maraqlı tərəflərə öz xidmətlərini təqdim edə bilər.
    2. 1-ci bənddə nəzərdə tutulan prosedur məxfi olmalıdır. 
    3. Əgər dostcasına həlletmə mümkündürsə, Məhkəmə faktların və əldə olunmuş razılığın qısaca əks olunduğu
    qərardadla işi öz siyahısından çıxarır.
    4. Bu qərardad dostcasına həlletmənin qərardadda müəyyən edilmiş şərtlərinin yerinə yetirilməsinə nəzarət edəcək Nazirlər Komitəsinə göndərilir.
    MADDƏ 40
    Açıq məhkəmə iclasları və sənədlərdən istifadə
    1. Məhkəmə istisna hal kimi digər qərar qəbul etməzsə, onun iclasları açıq keçirilir.
    2. Məhkəmə Sədri digər qərar qəbul etməzsə, saxlanılmaq üçün dəftərxanaya verilmiş sənədlər ictimaiyyət üçün açıqdır.
    MADDƏ 41
    Əvəzin ədalətli ödənilməsi
    Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
    MADDƏ 42
    Palatanın qərarları
    44-cü maddənin 2-ci bəndinin müddəalarına uyğun olaraq Palataların qərarları qətidir.
    MADDƏ 43
    İşin Böyük Palataya verilməsi
    1. Palatanın qərar çıxarmasından sonrakı üç ay ərzində, iş üzrə istənilən tərəf, müstəsna hallarda, işin baxılmaq üçün Böyük Palataya verilməsi barədə ərizə verə bilər.
    2. Əgər iş bu Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və ya tətbiqinə dair ciddi məsələ və ya ümumi xarakterli digər ciddi məsələ qaldırsa, Böyük Palatanın beş hakimdən ibarət Komitəsi ərizəni qəbul edir.
    3. Komitə ərizəni qəbul edirsə, onda Böyük Palata öz qərarını çıxarmaqla işi həll edir.
    MADDƏ 44
    Qəti qərarlar
    1. Böyük Palatanın qərarı qətidir.
    2. Palatanın qərarı aşağıdakı hallarda qəti olur:
    (a) tərəflər işin Böyük Palataya verilməsi barədə müraciət etməyəcəklərini bəyan etdikdə; və ya
    (b) əgər işin Böyük Palataya verilməsi barədə müraciət edilməyibsə, qərar çıxarılan tarixdən üç ay sonra; və ya
    (c) Böyük Palatanın Komitəsi 43-cü maddənin müddəalarına müvafiq olaraq işin verilməsi haqqında
    müraciəti rədd etdikdə.
    3. Qəti qərar dərc olunmalıdır.
    MADDƏ 45
    Qərar və qətnamələrin əsaslandırılması
    1. Qərarlar, həmçinin şikayətləri qəbul edilən və ya qəbul olunmayan elan edən qətnamələr əsaslandırılmalıdır.
    2. Əgər qərar bütövlükdə və ya qismən hakimlərin yekdil rəyini ifadə etmirsə, onda hər hansı hakim özünün xüsusi rəyini verə bilər.
    MADDƏ 46
    Qərarların məcburi qüvvəsi və icrası
    1. Razılığa gələn Yüksək Tərəflər, Məhkəmənin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.
    2. Məhkəmənin qəti qərarı onun icrasına nəzarəti həyata keçirən Nazirlər Komitəsinə göndərilir.
    3. Əgər Nazirlər Komitəsi hesab edərsə ki, qəti qərarın yerinə yetirilməsinə nəzarətə qərarın şərhi ilə bağlı ortaya çıxan problemlər maneə yaradır, o zaman o, şərhlə bağlı ortaya çıxan məsələni həll etmək üçün işi Məhkəməyə göndərə bilər. Qərarın göndərilməsi üçün Komitədə iştirak etmək hüququ olan nümayəndələrin üçdə iki səs çoxluğu tələb olunur.
    4. Əgər Nazirlər Komitəsi hesab edərsə ki, Razılığa gələn Yüksək Tərəf özünün tərəf olduğu məhkəmə prosesinin qəti qərarını yerinə yetirməkdən boyun qaçırır, o zaman o, həmin Tərəfə rəsmi xəbərdarlıq göndərdikdən sonra və Komitədə iştirak etmək hüququ olan nümayəndələrin üçdə iki səs çoxluğu ilə qəbul edilmiş qərarla, 1-ci bəndə əsasən həmin Tərəfin üzərinə götürdüyü öhdəliyi yerinə yetirib yetirməməsi
    məsələsini aydınlaşdırmaq üçün işi Məhkəməyə göndərə bilər.
    5. Əgər Məhkəmə 1-ci bəndin pozulduğunu aşkar edərsə, onda müəyyən ölçülərin götürülməsi üçün işi Nazirlər Komitəsinə göndərir. Əgər Məhkəmə 1-ci bəndin pozulmadığını aşkar edərsə, onda o, iş üzrə təhqiqatın başa çatdırılması üçün onu Nazirlər Komitəsinə göndərir.
    MADDƏ 47
    Məsləhətçi rəylər
    1. Məhkəmə Nazirlər Komitəsinin sorğusu ilə Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhinə dair hüquqi məsələlər üzrə məsləhət rəylərini verə bilər.
    2. Belə rəylər Konvensiyanın I Bölməsi və ona dair Protokollarda müəyyən edilən hüquq və azadlıqların məzmun və həcminə dair hər hansı məsələyə, nə də Məhkəmənin və ya Nazirlər Komitəsinin Konvensiyada nəzərdə tutulan hər hansı müraciətə baxarkən toxunmalı olduğu digər məsələlərə aid olmalıdır.
    3. Məhkəmənin məsləhət rəyini almaq barədə Nazirlər Komitəsinin qərarı Komitənin iştirak etmək hüququ olan
    nümayəndələrinin səs çoxluğu ilə qəbul edilir.
    MADDƏ 48
    Məsləhət rəyləri barədə Məhkəmənin səlahiyyəti
    Məsləhət rəy vermək haqqında Nazirlər Komitəsi tərəfindən edilən sorğunun Məhkəmənin səlahiyyətinə aid olub olmamağını, 47-ci maddədə müəyyən edildiyi kimi, Məhkəmə özü həll edir.
    MADDƏ 49
    Məsləhətçi rəylərinin əsaslandırılması
    1. Məhkəmənin məsləhət rəyləri əsaslandırılmalıdır. 
    2. Əgər məsləhət rəyi ümumilikdə və ya qismən hakimlərin yekdil rəyini əks etdirmirsə, onda hər hansı hakim özünün xüsusi rəyini vermək hüququna malikdir.
    3. Məhkəmənin məsləhət rəyləri Nazirlər Komitəsinə göndərilir.
    MADDƏ 50
    Məhkəmənin saxlanılması xərcləri
    Məhkəmənin saxlanılması xərclərini Avropa Şurası ödəyir.
    MADDƏ 51
    Hakimlərin imtiyaz və immunitetləri
    Hakimlər öz vəzifələrini yerinə yetirərkən Avropa Şurası Nizamnaməsinin 40-cı maddəsində və onun əsasında
    bağlanmış sazişlərin nəzərdə tutulan imtiyaz və immunitetlərə malikdirlər.

    BÖLMƏ III
    SAIR MÜDDƏALAR
    MADDƏ 52
    Baş katibin sorğuları
    Avropa Şurası Baş katibinin sorğusu əsasında Razılığa gələn hər bir Yüksək Tərəf öz daxili hüququnun bu Konvensiyanın hər hansı müddəasının səmərəli tətbiqini necə təmin edəcəyi ilə bağlı izahat təqdim edir.
    MADDƏ 53
    Təsbit olunmuş insan hüquqları ilə bağlı təminatlar
    Bu Konvensiyada heç nə Razılığa gələn hər hansı Yüksək Tərəfin qanunvericiliyi və ya onun iştirak etdiyi hər hansı digər sazişlə təmin edilə bilən insan hüquqlarından və əsas azadlıqlardan hər hansını məhdudlaşdırmaq və ya ondan kənara çıxmaq kimi şərh oluna bilməz.
    MADDƏ 54
    Nazirlər Komitəsinin səlahiyyətləri
    Bu Konvensiyada heç nə Avropa Şurası Nizamnaməsinin Nazirlər Komitəsinə verdiyi səlahiyyətlərə xələl gətirmir.
    MADDƏ 55
    Mübahisələrin digər vasitələrlə tənzimlənməsindən imtina
    Razılığa gələn Yüksək Tərəflər, bu barədə xüsusi saziş imzalanması halları istisna olmaqla, bu Konvensiyanın
    müddəalarının şərhi və tətbiqi ilə bağlı mübahisələri petisiya yolu ilə baxılmağa verərkən, onlar arasında qüvvədə olan müqavilələrə, konvensiyalara və ya bəyannamələrə müraciət etməyəcəklərinə və mübahisələrin tənzimlənməsi bu Konvensiyada nəzərdə tutulan vasitələrindən başqa, digər vasitələrdən istifadə etməməyə razılıq verirlər.
    MADDƏ 56
    Ərazilərdə tətbiq
    1. Hər hansı dövlət imzalanma yaxud ratifikasiya zamanı və ya sonra istənilən vaxt Avropa Şurası Baş katibinə ünvanlanmış bildiriş vasitəsi ilə bu maddənin 4-cü bəndi nəzərə alınmaqla, beynəlxalq əlaqələrinə görə həmin dövlətin məsuliyyət daşıdığı bütün ərazilərə yaxud onlardan hər hansı birinə şamil ediləcəyini bəyan edə bilər.
    2. Konvensiya bildirişdə adı çəkilən əraziyə və ya ərazilərə Avropa Şurası Baş katibin bildirişi almasının otuzuncu gündən şamil edilir.
    3. Bu Konvensiyanın müddəaları belə ərazilərdə yerli şəraitin lazımi qaydada nəzərə alınması ilə tətbiq edilir.
    4. Bu maddənin 1-ci bəndinə müvafiq olaraq bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin bəyanatda göstərilmiş bir və ya bir neçə ərazinin adından Konvensiyanın 34-cü maddəsinə müvafiq olaraq, Məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər.
    MADDƏ 57
    Qeyd-şərtlər
    1. İstənilən dövlət bu Konvensiyanı imzalayarkən və ya təsdiqnaməni saxlanmağa verərkən Konvensiyanın hər hansı konkret müddəası ilə bağlı, o dövrdə, onun ərazisində qüvvədə olan bu və ya digər qanunun həmin müddəaya uyğun olmaması ilə əlaqədar qeyd-şərt verə bilər. Bu maddəyə müvafiq olaraq,
    ümumi xarakterli qeyd-şərtlərə yol verilmir.
    2. Bu maddəyə uyğun olaraq edilmiş istənilən qeyd-şərtdə müvafiq qanunun qısa şərhi verilməlidir.
    MADDƏ 58
    Denonsasiya
    1. Razılığa gələn Yüksək Tərəf, yalnız bu Konvensiyanın tərəfi olduğu tarixdən beş il keçdikdən sonra və bu barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərdikdən altı ay sonra bu Konvensiyanı denonsasiya edə bilər; Baş katib Razılığa gələn digər Yüksək Tərəfləri bu barədə məlumatlandıracaq.
    2. Denonsasiya Razılığa gələn müvafiq Yüksək Tərəfi denonsasiyanın qüvvəyə minəcəyi tarixədək törədə biləcəyi və bu Konvensiya üzrə öhdəliklərini poza biləcək hər hansı əməlinə münasibətdə belə öhdəliklərindən azad etmir. 
    3. Avropa Şurasının üzvlüyündən çıxan Razılığa gələn hər hansı Yüksək Tərəf eyni şərtlərlə bu Konvensiyanın da tərəfi olmur.
    4. Konvensiya 56-cı maddənin müddəalarına əsasən, onun şamil olunmasının bəyan edildiyi istənilən əraziyə münasibətdə əvvəlki bəndlərin müddəalarına müvafiq olaraq denonsasiya edilə bilər.
    MADDƏ 59
    İmzalama və ratifikasiya
    1. Bu Konvensiya Avropa Şurasının üzvü olan dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. O ratifikasiya olunmalıdır. Təsdiqnamələr saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir.
    2. Avropa İttifaqı bu Konvensiyaya qoşula bilər. 
    3. Bu Konvensiya on təsdiqnamə saxlanmağa verildikdən sonra qüvvəyə minir.
    4. Konvensiya onu sonradan ratifikasiya edən dövlətlər üçün onların öz təsdiqnamələrin saxlanmağa verildikləri tarixdən qüvvəyə minir.
    5. Avropa Şurasının Baş katibi Konvensiyanın qüvvəyə minməsi, onun ratifikasiya etmiş Razılığa gələn Yüksək
    Tərəflərin adları və sonralar alına biləcək təsdiqnamələrin saxlanılmağa verilməsi haqqında Avropa Şurasının üzvü olan bütün dövlətləri xəbərdar edir. 1950-ci il noyabrın 4-də Romada hər iki mətni eyni qüvvəyə
    malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır və Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Konvensiyanı imzalamış bütün dövlətlərə göndərəcəkdir.

    Əlavə protokol
    İnsan hüquqlarının
    və əsas azadlıqların müdafiəsi haqqında
    Avropa Konvensiyasına dair Protokol
    Paris, 20 mart 1952-ci il

    Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan hökumətlər, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (bundan sonra «Konvensiya» adlanacaq) I bölməsinə artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək əzmində olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
    MADDƏ 1
    Mülkiyyətin müdafiəsi
    Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin
    ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
    MADDƏ 2
    Təhsil hüququ
    Heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. Dövlət təhsil və tədris sahəsində öz üzərinə götürdüyü funksiyaları yerinə yetirərkən, valideynlərin öz dini və fəlsəfi baxışlarına müvafiq olan təhsil və tədrisi təmin etmək hüququna hörmət edir.
    MADDƏ 3
    Azad seçki hüququ
    Razılığa gələn Yüksək Tərəflər qanunverici hakimiyyət orqanını seçərkən xalqın iradəsini sərbəst ifadə edə biləcəyi şəraitdə ağlabatan dövriliklə gizli azad seçkilər keçirməyi öhdələrinə götürürlər.
    MADDƏ 4
    Ərazilərə tətbiqi
    Razılığa gələn hər hansı Yüksək Tərəf imzalanma yaxud ratifikasiya zamanı və ya sonradan istənilən vaxt Avropa Şurasının Baş katibinə, beynəlxalq əlaqələrinə görə məsuliyyət daşıdığı bəyanatda adı çəkilən ərazilərə bu Protokolun müddəalarının şamil ediləcəyi ilə bağlı öhdəliklərinin çərçivəsini təsdiq edən bəyanat göndərə bilər. Əvvəlki bəndin müddəalarına müvafiq olaraq bəyanat göndərmiş Razılığa gələn hər hansı Yüksək Tərəf zaman keçdikcə istənilən əvvəlki bəyanatın şərtlərinin dəyişilməsi və ya hər hansı əraziyə münasibətdə bu Protokolun müddəalarının tətbiqinin dayandırılması haqqında yeni bəyanat göndərə bilər.
    Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat Konvensiyanın 56-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq verilmiş bəyanat hesab edilir.
    MADDƏ 5
    Konvensiyaya bağlılıq
    Razılığa gələn Yüksək Tərəflər bu Protokolun 1, 2, 3 və 4-cü maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq surətdə tətbiq olunur.
    MADDƏ 6
    İmzalanma və ratifikasiya
    Bu Protokol Konvensiyanı imzalamış Avropa Şurasının üzvləri tərəfindən imzalanmaq üçün açıqdır; o, Konvensiyanın ratifikasiyası ilə eyni zamanda və ya bundan sonra ratifikasiya olunmalıdır. Protokol on təsdiqnamə saxlamağa verildikdən sonra qüvvəyə minir. Sonradan ratifikasiya edən hər bir dövlət üçün Protokol onların öz təsdiqnamələri saxlamağa verdikləri tarixdən qüvvəyə minir. Təsdiqnamələr saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir, o, Protokolu ratifikasiya etmiş dövlətlər haqqında Avropa Şurasının üzvü olan bütün dövlətləri xəbərdar edir. 1952-ci il martın 20-də Parisdə, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Baş katib təsdiq olunmuş surətləri bu Protokolu imzalamış hər bir hökumətə göndərəcəkdir.

    İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 
    Avropa Konvensiyana dair 4 saylı Protokol
    Konvensiyaya və ona dair Birinci Protokola artıq 
    daxil edilənlərdən başqa, 
    bəzi hüquq və azadlıqların təmin olunması haqqında 
    Strasburq, 16 sentyabr 1963-cü il 

    Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan
    hökumətlər, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra «Konvensiya» adlanacaq) I bölməsinə və 1952-ci il martın 20-də Parisdə imzalanmış Konvensiyaya dair Birinci Protokolunun 1, 2 və 3-cü maddələrinə artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda tədbirlər görmək
    əzmində olaraq, aşağıdakılar barədə razılığa gəldilər: 
    MADDƏ 1
    Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması
    Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz.
    MADDƏ 2
    Hərəkət etmək azadlığı
    1. Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır.
    2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
    3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
    4. Birinci bənddə təsdiq edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər.
    MADDƏ 3
    Vətəndaşların məcburi çıxarılmasının qadağan olunması 
    1. Heç kəs vətəndaşı olduğu dövlətin ərazisindən fərdi və ya kollektiv tədbirlər yolu ilə çıxarıla bilməz.
    2. Heç kəs vətəndaşı olduğu dövlətin ərazisinə daxil olmaq hüququndan məhrum edilə bilməz.
    MADDƏ 4
    Əcnəbilərin kollektiv çıxarılmasının qarşısının alınması
    Əcnəbilərin kollektiv çıxarılması qadağandır.
    MADDƏ 5
    Ərazi tətbiqi
    1. Razılığa gələn hər hansı Yüksək Tərəf bu Protokolun imzalanması, yaxud ratifikasiyası zamanı və ya sonradan istənilən vaxt Avropa Şurasının Baş katibinə bu Protokolun müddəalarının beynəlxalq əlaqələrinə görə məsuliyyət daşıdığı, orada adı çəkilən ərazilərə şamil ediləcəyi ilə bağlı öhdəliklərinin çərçivəsini təsdiq edən bəyanat göndərə bilər.
    2. Əvvəlki bəndin müddəalarına müvafiq olaraq bəyanat göndərmiş Razılığa gələn hər hansı Yüksək Tərəf zaman keçdikcə istənilən əvvəlki bəyanatın şərtlərinin dəyişilməsi və ya hər hansı əraziyə münasibətdə bu Protokolun müddəalarının tətbiqinin dayandırılması haqqında yeni bəyanat göndərə bilər.
    3. Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat Konvensiyanın 56-cı maddənin 1-ci bəndinə müvafiq olaraq verilmiş bəyanat hesab edilir.
    4. Bu Protokolun ratifikasiyası və ya hər hansı dövlətin onu qəbul etməsi əsasında tətbiq olunduğu həmin dövlətin ərazisi və bu maddənin müddəalarına müvafiq olaraq, həmin dövlətin bəyanatı əsasında bu Protokolun tətbiq olunduğu hər bir ərazi 2 və 3-cü maddələrdə dövlətin ərazisinə istinad məqsədi ilə, ayrı-ayrı ərazilərdə hesab edilir.  
    5. Bu maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq olaraq, bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin bəyanatda göstərilmiş bir və ya bir neçə əraziyə münasibətdə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulduğu kimi, bu Protokolun 1, 2, 3 və 4-cü maddələrinin hamısına və ya hər hansı birinə riayət olunması ilə bağlı Məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər.
    MADDƏ 6
    Konvensiyaya bağlılıq
    Razılığa gələn Yüksək Tərəflər bu Protokolun 1, 2, 3, 4 və 5-ci maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.
    MADDƏ 7
    İmzalanma və ratifikasiya
    1. Bu Protokol Konvensiyanı imzalamış Avropa Şurası üzvləri tərəfindən imzalanmaq üçün açıqdır; o, Konvensiyanın ratifikasiyası ilə eyni zamanda və ya bundan sonra ratifikasiya olunmalıdır. Protokol beş təsdiqnamə saxlanılmağa verildikdən sonra qüvvəyə minir. Sonradan ratifikasiya edən hər bir dövlət üçün Protokol öz təsdiqnaməsini saxlanılmağa verdiyi tarixdən qüvvəyə minir.
    2. Təsdiqnamələr saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir, o, Protokolu ratifikasiya etmiş dövlətlər haqqında Avropa Şurasının üzvü olan bütün dövlətləri xəbərdar edir. Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edilənlər bu Protokolu imzaladılar.1963-cü il sentyabrın 16-da Strasburqda, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində bir nüsxədə imzalanmışdır. Həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri
    hər bir imzalayan dövlətə göndərəcəkdir. 

    İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 
    Avropa Konvensiyasına dair 6 saylı Protokol 
    Ölüm cəzasının ləğvi haqqında 
    Strasburq, 28 aprel 1983-cü il 

    Avropa Şurasının üzvü olub, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra «Konvensiya» adlanacaq) bu Protokolunu imzalayan dövlətlər, Avropa Şurasının ayrı-ayrı üzv dövlətlərində baş vermiş təkamülün, ölüm cəzasının ləğv olunması xeyrinə ümumi tendensiyanı ifadə etdiyini nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:

    MADDƏ 1 
    Ölüm cəzasının ləğvi
    Ölüm cəzası ləğv olunur. Heç kəs ölüm cəzasına məhkum edilə və ya edam oluna bilməz.
    MADDƏ 2
    Müharibə zamanı ölüm cəzası
    Dövlət müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilər; bu cür cəza yalnız qanunla müəyyən olunmuş hallarda və qanuni müddəalarına müvafiq olaraq tətbiq edilə bilər. Dövlət həmin qanunun müvafiq müddəaları haqqında Avropa Şurasının Baş katibinə məlumat verir. 
    MADDƏ 3
    Öhdəliklərin yerinə yetirilməsində geri çəkilmənin qadağan olunması
    Konvensiyanın 15-ci maddəsinə əsasən, bu Protokolun müddəalarından geri çəkilmək olmaz.
    MADDƏ 4
    Qeyd şərtlərin qadağan olunması
    Konvensiyanın 57-ci maddəsinə əsasən, bu Protokolun müddəaları ilə bağlı qeyd-şərt edilə bilməz.
    MADDƏ 5
    Ərazi tətbiqi
    1. Hər bir dövlət imzalama zamanı və ya özünün təsdiqnaməsini yaxud qəbuletmə və ya bəyənmə haqqında
    sənədini saxlanmağa verərkən bu Protokolun tətbiq ediləcəyi ərazini və yaxud əraziləri göstərə bilər.
    2. Hər bir dövlət sonradan istənilən vaxt Avropa Şurası Baş katibinin adına ünvanlanmış bəyanatla, bu Protokolun bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. Bu əraziyə münasibətdə Protokol Baş katibin belə bəyanatı aldığı tarixdən sonrakı ayın birinci günündən etibarən qüvvəyə minir.
    3. Əvvəlki iki bənd əsasında verilmiş və belə bəyanatda göstərilmiş hər hansı əraziyə dair istənilən bəyanat Baş katibə adına ünvanlanmış bildiriş vasitəsi ilə geri götürülə bilər. Geri götürülmə Baş katib tərəfindən belə bildirişin alındığı tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.
    MADDƏ 6
    Konvensiyaya bağlılıq
    İştirakçı dövlətlər bu Protokolun 1-5-ci maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq edilir.
    MADDƏ 7
    İmzalama və ratifikasiya
    Bu Protokol Avropa Şurasının üzvü olub, Konvensiyanı imzalamış dövlətlərin imzalanması üçün açıqdır. O, ratifikasiya olunmalı, qəbul edilməli və ya bəyənilməlidir. Avropa Şurasının üzv dövlət Konvensiyanı eyni zamanda və ya əvvəlcədən ratifikasiya etmədən bu Protokolu ratifikasiya edə, qəbul və ya bəyənə bilməz. Təsdiqnamələr yaxud qəbul və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının Baş
    katibinə verilir.
    MADDƏ 8
    Qüvvəyə minmə
    1. Bu Protokol Avropa Şurasının üzvü olan beş dövlətin 7-ci maddənin müddəalarına müvafiq olaraq, Protokol üzrə öhdəliklərini öz üzərilərinə götürməyə razılıqlarını bildirdikləri tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir. 
    2. Protokol üzrə öhdəlikləri sonradan öz üzərinə götürməyə razılığını bildirmiş hər hansı üzv dövlət üçün bu Protokol onun öz təsdiqnaməsini yaxud qəbuletmə və ya bəyənmə haqqında sənədlərini saxlanmağa verildiyi tarixdən sonrakı ayın birinci günü qüvvəyə minir.
    MADDƏ 9
    Depozitarinin funksiyası
    Avropa Şurası Baş katibi Avropa Şurasının üzv dövlətlərini aşağıdakılar barədə xəbərdar edir:
    (a) hər hansı imzalama,
    (b) təsdiqnamənin yaxud qəbul və ya bəyənmə haqqında sənədin saxlanılmağa verilməsi,
    (c) 5-ci və 8-ci maddələrə müvafiq olaraq, bu Protokolun qüvvəyə minmə tarixi,
    (d) bu Protokola dair digər hərəkət, bildiriş və ya xəbərdarlıq
    Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar, 1983-cü il aprelin 28-də Strasburqda, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində bir nüsxədə
    imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir. 

    İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 
    Avropa Konvensiyasına dair 
    7 saylı Protokol 
    Strasburq, 22 noyabr 1984-cü il

    Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan dövlətlər, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra «Konvensiya» adlanacaq) tətbiqi vasitəsi ilə bəzi hüquq və azadlıqların kollektiv həyata keçirilməsinin təmin edilməsi yolunda gələcək addımlar atmaq əzmində olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
    MADDƏ 1
    Əcnəbilərin çıxarılmasına dair prosedur təminatlar
    1. Qanuni əsaslarla dövlətin ərazisində yaşayan əcnəbi, qanuna müvafiq qəbul edilmiş qərarların icrası istisna olmaqla, oradan çıxarıla bilməz və onun aşağıdakı imkanları olmalıdırlar: 
    (a) özünün çıxarılmasına qarşı arqumentlər təqdim etmək,
    (b) öz işinə yenidən baxılması tələb etmək və,
    (c) bu məqsədlərə görə səlahiyyətli orqan qarşısında və belə orqanların təyin etdiyi şəxs yaxud şəxslər qarşısında təmsil olunmaq.
    2. Çıxarılma ictimai qaydanın maraqları üçün zəruri olduqda və ya milli təhlükəsizlik mülahizələri ilə şərtləndirildikdə, əcnəbi bu maddənin 1-ci bəndinin (a), (b) və (c) yarımbəndlərində sadalanan hüquqlarına əməl edilməmişdən əvvəl çıxarıla bilər.
    MADDƏ 2
    Cinayət işlərinə dair hökmlərdən ikinci instansiyaya şikayət vermə hüququ 
    1. Cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin barəsində çıxarılmış hökmə və ya təyin olunmuş cəzaya yuxarı məhkəmə instansiyasında yenidən baxılması hüququ vardır. Bu hüququn həyata keçirilməsi və onun həyata keçirilə biləcəyi əsaslar qanunla tənzimlənir.
    2. Qanunla xırda xətalar hesab olunan hüquq pozmalarla bağlı və ya müvafiq şəxs artıq birinci instansiyada yuxarı məhkəmə tərəfindən məhkum edilsə də və ya onun bəraəti məsələsinə yenidən baxılma nəticəsində təqsirli hesab edilib və məhkum edilibsə, bu hüquqdan istisnaya yol verilir.
    MADDƏ 3
    Məhkəmə səhvinə görə kompensasiya
    Şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm
    ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı sürətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əfv edildikdə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövlətin qanununa və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır.
    MADDƏ 4
    İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ
    1. Heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayətprosesual normalarına müvafiq olaraq, artıq bəraət aldığı
    və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.
    2. Bundan əvvəlki bəndin müddəaları, əgər yeni və ya təzədən ortaya çıxmış hallar barəsində məlumatlar varsa və ya əgər əvvəlki araşdırma zamanı işin nəticəsinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, müvafiq dövlətin qanunlarına və cinayət-prosesual normalarına uyğun olaraq, işə təkrar baxılmasına mane olmur.
    3. Konvensiyanın 15-ci maddəsinin müddəalarına müvafiq olaraq, bu maddənin müddəalarından kənara çıxmağa yol verilmir.
    MADDƏ 5
    Ər-arvadın hüquq bərabərliyi
    Ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur.
    MADDƏ 6
    Ərazi tətbiqi
    1. Hər hansı dövlət imzalama zamanı və ya özünün təsdiqnaməsini yaxud qəbul və ya bəyənmə haqqında
    sənədini saxlanılmağa verərkən bu Protokolun tətbiq ediləcəyi ərazini və yaxud əraziləri və bu Protokolun müddəalarının şamil ediləcəyi belə ərazi və ya ərazilərlə bağlı öhdəliklərinin çərçivəsini göstərə bilər.
    2. Hər bir dövlət sonradan istənilən vaxt Avropa Şurası Baş katibinin adına ünvanlanmış bəyanatla, bu Protokolu bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. Bu əraziyə münasibətdə Protokol Baş katibin belə bəyanatı aldığı tarixdən iki ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
    3. Əvvəlki iki bənd əsasında verilmiş və orada göstərilən hər hansı əraziyə aid olan istənilən bəyanat Avropa Şurası Baş katibinə ünvanlanmış bildiriş vasitəsi ilə geri götürülə yaxud dəyişdirilə bilər. Geri götürülmə və ya dəyişiklik Baş katib tərəfindən belə bildirişin alındığı tarixdən iki ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir. 
    4. Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat Konvensiyanın 56-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq verilmiş bəyanat hesab edilir.
    5. Bu Protokolun hər hansı dövlətin onu ratifikasiya etməsi, qəbul etməsi və ya bəyənməsi əsasında tətbiq olunduğunu həmin dövlətin ərazisi və bu maddənin müddəalarına müvafiq olaraq, həmin dövlətin bəyanatı əsasında bu Protokolun tətbiq olunduğu hər bir ərazi 1-ci maddədə dövlətin ərazisinə istinad məqsədi ilə ayrı-ayrı ərazilər hesab edilə bilər.
    6. Bu maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq olaraq bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt
    həmin bəyanatda göstərilmiş bir və ya bir neçə ərazinin adından Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulduğu kimi, bu Protokolun 1-5-ci maddələri ilə bağlı Məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər.
    MADDƏ 7
    Konvensiyaya bağlılıq
    İştirakçı dövlətlər bu Protokolun 1-6-cı maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.
    MADDƏ 8
    İmzalama və ratifikasiya
    Bu Protokol Avropa Şurasının üzvü olub, Konvensiyanı imzalamış dövlətlərin imzalaması üçün açıqdır. O, ratifikasiya olunmalı, qəbul edilməli və ya bəyənilməlidir. Avropa Şurasının üzvü olan dövlət Konvensiyanı əvvəlcədən və ya eyni zamanda ratifikasiya etmədən bu Protokolu ratifikasiya edə və ya bəyənə bilməz. Təsdiqnamələr, qəbul etmə və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə verilir.
    MADDƏ 9
    Qüvvəyə minmə
    1. Bu Protokol Avropa Şurasının üzvü olan yeddi dövlətin 8-ci maddənin müddəalarına müvafiq olaraq, Protokolun onlar üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən iki ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir. 
    2. Protokolun, onun üçün məcburiliyinə sonradan öz razılığını bildirmiş hər hansı üzv dövlət üçün o, həmin dövlətin təsdiqnaməsinin yaxud qəbul etmə və ya bəyənmə haqqında sənədlərinin saxlanılmağa verildiyi tarixdən iki ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
    MADDƏ 10
    Depozitarinin funksiyası
    Avropa Şurasının Baş katibi Avropa Şurasının üzvü olan hər bir dövləti:
    (a) hər hansı imzalama,
    (b) hər hansı təsdiqnamənin yaxud qəbul etmə və ya bəyənmə haqqında sənədini saxlanılmağa verilməsi,
    (c) 6-cı və 9-cu maddələrə müvafiq olaraq, bu Protokolun qüvvəyə minmə tarixi, 
    (d) bu Protokola aidiyyəti olan hər bir digər akt, bildiriş və ya bəyanat barədə xəbərdar edir. Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edilənlər bu Protokolu imzaladılar. 1984-cü il noyabrın 22-də Strasburqda, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş katibi təsdiq olunmuş surətləri Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir. 
    İnsan Hüquqlarının və Əsas Azadlıqların
    Müdafiəsi Haqqında Konvensiyaya dair
    12 saylı Protokol
    Roma, 4. XI. 2000

    Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan dövlətlər, hamının qanun qarşısında bərabərliyini və qanunla eyni qaydada müdafiə olunmaq hüququnu nəzərdə tutan təməl prinsipi nəzərə alaraq, 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (bundan sonra «Konvensiya» adlanacaq) tətbiqi vasitəsilə ayrı-seçkiliyə qarşı ümumi qadağanı kollektiv surətdə tətbiq etməklə hamının bərabərliyinin təmsil edilməsi yolunda gələcək addımlar atmaq əzmində olaraq, ayrı-seçkilik əleyhinə prinsipin iştirakçı dövlətlər tərəfindən tam və səmərəli bərabərliyi təşviq etmək üzrə tədbirlər görülməsinə mane olmadığını təsdiq edərək (bu şərtlə ki, bu tədbirlərin obyektiv və ağlabatan əsası olsun), aşağıdakılar barədə razılığa gəldilər:
    MADDƏ 1
    Ayrı-seçkiliyə ümumi qadağa
    1. Qanunla nəzərdə tutulmuş istənilən hüquqdan istifadə cins, irq, rəng, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
    2. Heç kim 1-ci bənddə sadalanan hər hansı əsasa görə hər hansı dövlət hakimiyyəti orqanı tərəfindən ayrı-seçkiliyə məruz qalmamalıdır.
    MADDƏ 2
    Ərazilərə tətbiq
    1. Hər hansı dövlət imzalanma zamanı və ya özünün ratifikasiya, qəbul və təsdiq etmə sənədini saxlanmaya
    verərkən bu Protokolun tətbiq ediləcəyi ərazini və yaxud əraziləri göstərə bilər.
    2. Hər bir dövlət sonradan istənilən vaxt Avropa Şurası Baş Katibinin adına ünvanlanmış bəyanatla, bu Protokolu bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. Bu əraziyə münasibətdə Protokol Baş Katibin belə bəyanatı aldığı tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
    3. Əvvəlki iki bənd əsasında verilmiş istənilən bəyanat, belə bəyanatda göstərilmiş hər hansı əraziyə münasibətdə Baş Katibə ünvanlanmış bildiriş vasitəsilə geri götürülə, yaxud dəyişdirilə bilər. Geri götürülmə və ya dəyişiklik Baş Katib tərəfindən belə bildirişin alındığı tarixdən tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir. 
    4. Bu maddənin müddəalarına müvafiq olaraq verilmiş bəyanat Konvensiyanın 56-cı maddənin 1-ci bəndinə müvafiq olaraq verilmiş bəyanat hesab edilir.
    5. Bu maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq olaraq bəyanat vermiş hər hansı dövlət sonradan istənilən vaxt həmin bəyanatda göstərilmiş bir və ya bir neçə əraziyə münasibətdə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulduğu kimi, bu Protokolun 1-ci maddəsi ilə bağlı Məhkəmənin fiziki şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ya fərdlər qrupundan şikayətlər qəbul etmək səlahiyyətini tanıdığını bəyan edə bilər.
    MADDƏ 3
    Konvensiyaya bağlılıq
    İştirakçı dövlətlər bu Protokolun 1-ci və 2-ci maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.
    MADDƏ 4
    İmzalanma və ratifikasiya
    Bu Protokol Konvensiyanı imzalamış Avropa Şurasının üzv dövlətlərinin imzalaması üçün açıqdır. O, ratifikasiya olunmalı, qəbul edilməli və ya bəyənilməlidir. Avropa Şurasının üzv dövlətləri Konvensiyanı əvvəlcədən və ya eyni zamanda ratifikasiya etmədən bu Protokolu ratifikasiya edə, qəbul edə və ya bəyənə bilməz. Təsdiqnamələr, qəbul etmə və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının Baş Katibinə verilir.
    MADDƏ 5
    Qüvvəyə minmə
    1. Bu Protokol Avropa Şurasının üzvü olan on dövlətin 4-cü maddənin müddəalarına müvafiq olaraq, Protokolun onlar üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
    2. Protokolun, onun üçün məcburiliyinə sonradan öz razılığını bildirmiş hər hansı üzv dövlət üçün o, həmin dövlətin təsdiqnaməsinin, yaxud qəbuletmə və ya bəyənmə haqqında sənədlərin saxlanılmaya verildiyi tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
    MADDƏ 6
    Depozitarinin funksiyaları
    Avropa Şurası Baş Katibi Avropa Şurasının üzvü olan hər bir dövləti:
    (a) hər bir imzalanma;
    (b) hər bir təsdiqnamənin, yaxud qəbuletmə və ya bəyənmə haqında sənədin saxlanılmaya verməsi;
    (c) 2-ci və 5-ci maddələrə müvafiq olaraq, bu Protokolun qüvvəyə minmə tarixi;
    (d) bu Protokola aidiyyəti olan hər bir digər akt, bildiriş və ya bəyanat barədə xəbərdar edir.
    Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar. 4 noyabr 2000-ci ildə Romada, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş Katibi təsdiq olunmuş nüsxələri Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir.

    İnsan hüquqlarının və əsas azadlıqların
    müdafiəsi haqqında Konvensiyaya dair
    13 saylı Protokol
    (bu Protokol bütün hallarda ölüm cəzasının ləğvinə aiddir)
    Vilnüs, 3.V.2002 Preambula

    Avropa Şurasının üzvü olub, bu Protokolu imzalayan dövlətlər, hər kəsin yaşamaq hüququnun demokratik cəmiyyətdə əsas dəyər olduğuna və bu hüququn müdafiəsi üçün və bütün insanların şəxsiyyətinə xas olan ləyaqətin tam qəbul edilməsi üçün ölüm cəzasının ləğvinin vacib olduğuna əmin olaraq; 1950-ci il noyabrın 4-də Romada imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya (bundan
    sonra «Konvensiya» adlanacaq) vasitəsilə təmin edilən yaşamaq hüququnun müdafiəsin gücləndirmək arzusunda olaraq; ölüm cəzasının ləğvinə aid olan, 1983-cü il aprelin 28-də Strasburqda imzalanmış Konvensiyaya dair 6 saylı Protokolun müharibə və ya labüd müharibə təhlükəsi zamanı ölüm cəzasını aradan qaldırmadığını nəzərə alaraq; bütün hallarda ölüm cəzasını ləğv etmək üçün son addımı atmaq əzmində olaraq, aşağıdakılar barədə razılığa gəldilər:
    MADDƏ 1
    Ölüm cəzasının ləğvi
    Ölüm cəzası ləğv olunur. Heç kəs belə cəzaya məhkum edilə və ya edam oluna bilməz.
    MADDƏ 2
    Öhdəliklərdən geri çəkilmənin qadağan olunması
    Konvensiyanın 15-ci maddəsinə əsasən, bu Protokolun müddəaları ilə bağlı öhdəliklərdən geri çəkilməyə yol verilmir.
    MADDƏ 3
    Qeyd-şərtlərin qadağan olunması
    Konvensiyanın 57-ci maddəsinə əsasən, bu Protokolun müddəaları ilə bağlı qeyd-şərt edilə bilməz.
    MADDƏ 4
    Ərazilərə tətbiq
    1. Hər hansı dövlət imzalanma zamanı və ya özünün ratifikasiya, qəbul və təsdiq etmə sənədini saxlanmaya
    verərkən bu Protokolun tətbiq ediləcəyi ərazini və yaxud əraziləri göstərə bilər.
    2. Hər bir dövlət sonradan istənilən vaxt Avropa Şurası Baş Katibinin adına ünvanlanmış bəyanatla, bu Protokolu bəyanatda göstərilən hər hansı digər əraziyə şamil edə bilər. Bu əraziyə münasibətdə Protokol Baş Katibin belə bəyanatı aldığı tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
    3. Əvvəlki iki bənd əsasında verilmiş istənilən bəyanat, belə bəyanatda göstərilmiş hər hansı əraziyə münasibətdə Baş Katibə ünvanlanmış bildiriş vasitəsilə geri götürülə, yaxud dəyişdirilə bilər. Geri götürülmə və ya dəyişiklik Baş Katib tərəfindən belə bildirişin alındığı tarixdən tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
    MADDƏ 5
    Konvensiyaya bağlılıq 
    İştirakçı dövlətlər bu Protokolun 1-4-cü maddələrinin müddəalarını Konvensiyanın əlavə maddələri hesab edirlər və Konvensiyanın bütün müddəaları müvafiq olaraq tətbiq olunur.
    MADDƏ 6
    İmzalanma və ratifikasiya
    Bu Protokol Konvensiyanı imzalamış Avropa Şurasının üzv dövlətlərinin imzalaması üçün açıqdır. O, ratifikasiya olunmalı, qəbul edilməli və ya bəyənilməlidir. Avropa Şurasının üzv dövlətləri Konvensiyanı əvvəlcədən və ya eyni zamanda ratifikasiya etmədən bu Protokolu ratifikasiya edə, qəbul edə və ya bəyənə bilməz. Təsdiqnamələr, qəbul etmə və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının Baş Katibinə verilir. 
    MADDƏ 7
    Qüvvəyə minmə
    1. Bu Protokol Avropa Şurasının üzvü olan on dövlətin 6-cı maddənin müddəalarına müvafiq olaraq, Protokolun onlar üçün məcburiliyinə öz razılıqlarını bildirdikləri tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
    2. Protokolun, onun üçün məcburiliyinə sonradan öz razılığını bildirmiş hər hansı üzv dövlət üçün o, həmin dövlətin təsdiqnaməsinin, yaxud qəbuletmə və ya bəyənmə haqqında sənədlərin saxlanılmaya verildiyi tarixdən üç ay keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.
    MADDƏ 8
    Depozitarinin funksiyaları
    Avropa Şurası Baş Katibi Avropa Şurasının üzvü olan hər bir dövləti:
    (a) hər bir imzalanma;
    (b) hər bir təsdiqnamənin, yaxud qəbuletmə və ya bəyənmə haqında sənədin saxlanılmaya verməsi;
    (c) 4-cü və 7-ci maddələrə müvafiq olaraq, bu Protokolun qüvvəyə minmə tarixi;
    (d) bu Protokola aidiyyəti olan hər bir digər akt, bildiriş və ya bəyanat barədə xəbərdar edir.
    Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.
    3 may 2002-ci ildə Vilnüsdə, hər iki mətni eyni qüvvəyə malik olmaqla, ingilis və fransız dillərində, bir nüsxədə imzalanmışdır; həmin nüsxə Avropa Şurasının arxivində saxlanılır. Avropa Şurasının Baş Katibi təsdiq olunmuş nüsxələri Avropa Şurasının üzvü olan hər bir dövlətə göndərəcəkdir.

    ŞƏRHLƏR